Tarmenxan Babayev 6 Avropa rekordu yeniləyərək qızıl medal qazandı!

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.
Bu gün onlardan daha biri – Tarmenxan Babayev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin 85 kq çəki dərəcəsindəki yarışına qatılıb.
Tarmenxan birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kq-ı ram etdi və ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kq qabaqlayaraq bu hərəkətdə 1-ci olub.
Babayev təkanla qaldırma hərəkətində daha möhtəşəm çıxış etdi. O, ilk yanaşmasında 150 kq-ı ram etdi. Bu, macar atlet Adrian Terebesinin bu ilin aprelində Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunun (146 kq) düz 4 kq yenilənməsi demək idi. Babayev eyni zamanda həm də yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kq) yeniləmiş oldu.
Ardınca atletimiz ikinci yanaşmasında 155 kq-ı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yenilədi. Sonuncu yanaşmasında 161 kq-ın da öhdəsindən gələn Tarmenxan, rekordlarının üstünə 2-sini də əlavə etdi.
Fantastik nəticədir!
Atletimiz toplam 291 kq (130+161) nəticə ilə Avropa birinciliyində 1-ci yeri tutdu. Tarmenxan Babayevin yaşı 15-ə qədər olan atletlərin birdən-birə 6 Avropa rekordunu yeniləməsi möhtəşəm göstəricidir. Belə nəticələrə çox nadir hallarda rast gəlinir.

Kosovodakı yarışda Rüstəm Qasımov və Səbinə Əzimovadan sonra Tarmenxanın da belə gözəl çıxışla qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxması, bu səbəbdən də bayrağımızın yüksəlməsi və himnimizin səsləndirilməsi böyük qürurdur.
Bu gözəl qələbə münasibətilə Babayevi təbrik edir, əməyi olan hər kəsə təşəkkür edirik.

Əhsən, Tarmenxan!

Paylaş
Şərh yaz