3-10 aprel tarixlərində Tailandın Banqkok şəhərində keçiriləcək yeniyetmələr arasında 7-ci dünya birinciliyi davam edir. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış edirlər. Bu gün 77 kq çəki dərəcəsinin B qrupunda iki atletimiz – Mayıl Şükürlü və Tarmenxan Babayev körpücük üzərinə çıxıb.
Mayıl Şükürlü birdən qaldırma hərəkətində 121 kq-ı qaldıraraq bu hərəkətdə 5-ci olub. Atlet təkanla qaldırma hərəkətində 149 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub. Şükürlü toplam 270 kq (121+149) nəticə B qrupunun ümumi sıralamasında 5-ci yeri tutub.
Tarmenxan Babayev isə birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə 4-cü olub. Atlettəkanla qaldırma hərəkətində daha gözəl çıxış nümayiş etdirib. Babayev 3-cü yanaşmasında 155 kq-ı ram edib və bu hərəkətdə 2-ci yeri tutub. Bununla yanaşı, toplam 280 kq (125+155) nəticə göstərən Tarmenxan B qrupunda ümumi sıralamada 1-ci yeri tutub.
Atletlərimizin çəki dərəcəsinin yekun sıralamasında tutduqları yer A qrupundakı çıxışlar başa çatandan sonra müəyyənləşəcək.
Hər iki atletimiz ötən ilin oktyabrında Malayziyanın Penanq şəhərində keçirilən dünya birinciliyində çıxış etmişdilər. Aradan qısa müddət keçməsinə baxmayaraq, atletlərimiz Banqkokda çox gözəl çıxış edərək öz nəticələrini xeyli yaxşılaşdırıblar. Belə ki, Mayıl Malayziyadakı (243 kq) nəticəsini 27 kq, Tarmenxan isə (232 kq) nəticəsini 48 kq yaxşılaşdırıb. Fantastik irəliləyişdir. Yeniyetmə atletlərimizin belə müsbət tendensiyaya malik olması bizi sevindirir. Onların hər birinə uğurlar arzulayırıq!
Birdən qaldırma
Təkanla qaldırma