Təbrik edirik!

Bu gün Azərbaycan ağır atletikasının tanınmış siması, müstəqilllik dövründə beynəlxalq yarışlarımızın ilk iştirakçısı Təranə Abbasovanın ad günüdür. Beynəlxalq dərəcəli idman ustası, Respublika dərəcəli hakim olan mütəxəssisimizin 50 yaşı tamam olur. Hazırda qadınlardan ibarət yığma komandamızın məşqçisi kimi çalışan yubilyar xanımı təbrik edir, ona bütün işlərində uğurlar, xoşbəxtlik arzulayırıq. Azərbaycan Ağır Atletika Federasiyası olaraq, ölkəmizdə qadın ağır atletikasının inkişafı üçün səmərəli fəaliyyətinə görə təşəkkür edirik. İnanırıq ki, idmançı kimi qazandığınızı uğurlar və təcrübənizi yeni nəslə aşılaya biləcək, ölkəmizin ağır atletikasının uğurlarında pay sahibi olacaqsınız.

Təranə Abbasovanın karyerası ilklərlə doludur.

– 1991-ci ilin mayında tanınmış atlet Qriqori Novakın xatirəsinə həsr olunmuş beynəlxalq ağır atletika turnirində iştirak edərək qalib adını qazanıb. Bu, müstəqillik tariximizdə ilk belə çıxış və uğur idi.

– 1994-cü ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında körpücüyə çıxıb. Bu, Azərbaycan tarixində bir ilk olub.

– 1996-cı ilin noyabrında Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatında birdən qaldırma hərəkətində bürünc medal əldə edib. Bu, qadın ağır atletika tariximizdə bir ilkdir.

– 2000-ci il Sidney Olimpiadasının iştirakçısıdır. Bu səviyyədə çıxış edən ilk qadın ağır atletimizdir.

Bununla yanaşı, peşəkar atlet kimi müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş Təranə Abbasova, veteran atletlər arasında beynəlxalq yarışlarda da iştirak edib. O, 2012-ci ilin Avropa çempionu, 2014-cü ildə Dünya Kubokunun və 2016-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olub.

Paylaş
Şərh yaz