24-29 may tarixlərində ustad ağır atletlər arasında dünya çempionatı keçirilib. 80-ə yaxın ölkədən toplam 758 atletin (399 kişi + 359 qadın) qatıldığı yarış qeyri-ənənəvi formada – onlayn təşkil olunub. Koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün olmadığından, Beynəlxalq Ağır Atletika Federasiyası alternativ yarış keçirilməsi qərarı qəbul edib. Dünya çempionatında iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulub, hər biri öz yanaşmasını müvafiq qaydalara uyğun və sıralama ilə yerinə yetirib.
Azərbaycandan yarışda 4 idmançı iştirak edib. Onların hər biri uğurlu çıxışla yadda qalıblar.
Yaşı 70-74 arası olan atletlərin (M-70) qrupunda Səddar Quliyev (“Zirvə”) 81 kq çəki dərəcəsində toplam 138 kq (59+79) nəticə ilə, 96 kq çəki dərəcəsində Vladimir Jilyayev (“Zirvə”) 96 kq çəki dərəcəsində toplam 151 kq (66+85) nəticə ilə gümüş medal qazanıblar.
Yaşı 35-39 arası olan atletlərin (M-35) qrupunda Daxili İşlər Nazirliyinin əməkdaşı Virur Bayramov (“Dinamo”) 89 kq çəki dərəcəsində toplam 299 kq (136+163) nəticə ilə gümüş medala sahib çıxıb. 96 kq çəki dərəcəsində çıxış edən Elnur Hüseynov (“Zirvə”) isə toplam 331 kq (150+181) nəticə ilə dünya çempionatının qızıl medalını qazanıb. O, həm də öz yaş qrupunda dünyanın ən yaxşı atleti seçilib.
Təbrik edirik!