Yeniyetmə ağır atletlərə növbəti seminar keçildi

Azərbaycan Ağır Atletika Federasiyasının nəzdində fəaliyyət göstərən “Zirvə” Liseyində təhsil alan yeniyetmə ağır atletlərin bilik və savadlarının, həmçinin ixtisasının artırılması istiqamətində planlı çalışmalar davam etdirilir. Mütəmadi xarakter alan seminarların növbətisi martın 29-da AAAF Park Yaşayış Kompleksinin Konfrans Zalında keçirildi.
Ölkəmizdə ağır atletikanın inkişafında müstəsna xidmətləri olmuş təcrübəli mütəxəssis, “Əməkdar müəllim”, AAAF-ın sabiq prezidenti və hazırkı fəxri vitse-prezidenti, “Tərəqqi” medalçısı Şüa Hüseynov Liseydə təhsil alan idmançı-şagirdlərə “Yarışlara məşqlərdə düzgün hazırlığın əhəmiyyəti” haqqında xüsusi dərs keçib.
Hüseynov gənc nəsil ağır atletlərin istənilən yarışı hazırlıq mərhələsinin planlı şəkildə aparılmasının vacibliyini qeyd edib. Mütəxəssis bildirib ki, məşqlərdə yük düzgün bölünməli, məşqçilər buna diqqət yetirməlidirlər. Bununla yanaşı, yuxu, istirahət, qidalanmaya xüsusi nəzarət edilməli, növbəlilik, mütəmadilik, intizamlılıq prinsiplərinə riayət edilməlidir. Mütəxəssisin sözlərinə görə, yarışaqədərki hazırlıq və onun düzgünü qurulması yarışlardakı uğur ehtimalını dəfələrlə artırır.
Seminarda atletlərlə yanaşı tərbiyəçi-məşqçi Orxan Əliquliyev və liseydə ağır atletlərin elm və təhsil üzrə rəhbəri Rauf Quliyev də iştirak edib. Diskussiyalar aparılıb, Şüa Hüseynov şagirdlərin müxtəlif sualları cavablandırıb, öz tövsiyələrini verib.
Ağır atletika yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi humanitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Burada 42 idmançı təhsil alır. Xüsusilə də ağır atletlərə yaradılan şərait qeyd olunmalıdır.
Federasiya Kompleksin imkanlarından yaralanaraq buranı mərkəzi baza edib və ilboyu təlim-məşq toplanışında olan idmançıların təhsil baxımından geri qalmaması üçün addımlar atır. Əsas məqsəd liseydə təhsil alan perspektivli idmançıları fiziki, mənəvi və əqli cəhətdən hazırlayaraq milli yığma heyətlərimizin sırasını daha da möhkəmləndirməkdən ibarətdir.
Burada yaşayan, bütün xərcləri ödənilən və maksimum şərait yaradılan bu gənc idmançılar, yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə bir dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər.
Dərs zamanı onlara bu idman növünün sirləri öyrədilir, onun tarixi və ən əsası dopinq vasitələrinin qəbulunun fəsadları haqqında geniş məlumatlar verilir.

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action

 

Paylaş
Şərh yaz