Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımız Şüvəlandakı Ağır Atletika Akademiyasında təlim-məşq toplanışlarını davam etdirirlər. Məqsəd qarşıdakı daxili və beynəlxalq yarışlara ən yüksək səviyyədə hazırlaşmaq, yüksək idman formasını qoruyub-saxlamaqdır.
Yığma komandanın baş məşqçisi Asif Məmmədov AAAF TV-yə müsahibə verib. O, bildirib ki, “oktyabrın əvvəllərində Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin 3-cü Olimpiya Oyunları, həmin ayın sonlarında Polşada gənclər arasında Avropa çempionatı, noyabrın 1-dən 10-dək isə Türkmənistanda ağır atletika üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Hər üç mötəbər yarışda yığmamızın üzvləri də iştirak edərək medallar uğrunda mübarizə aparacaqlar. Bu yarışlara hazırlıq plan üzrə gedir, milli komandanın düşərgəsində müsbət ab-hava hökm sürür”.