Yığma komandamız Avropa birinciliyini iki rekord və 9 medalla başa vurdu!

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatıb. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edib. Onların arasında Azərbaycan yığmasının üzvləri də olub.
Təmsilçilərimiz 3 böyük (1 qızıl, bir gümüş və bir bürünc) və daha 6 kiçik (1 qızıl, 2 gümüş və üç bürünc) olmaqla 9 medal – 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanaraq uğurlu çıxış nümayiş etdiriblər. Atletlərimizdən yaşı 15-ə qədər olan qızlarda 76 kq çəki dərəcəsində Rahilə Hüseynova təkanla qaldırma hərəkətində gümüş, toplamda bürünc, yaşı 15-ə qədər olan oğlanlarda 61 kq çəki dərəcəsində Elşən Məmmədov birdən qaldırma hərəkətində gümüş, təkanla qaldırma hərəkətində bürünc medal, toplamda qızıl, 73 kq çəki dərəcəsində Nurlan Məmmədzadə təkanla qaldırma hərəkətində qızıl, toplamda gümüş, yaşı 17-yə qədər olan oğlanlarda isə 67 kq çəki dərəcəsində Rüstəm Qasımov və 96 kq çəki dərəcəsində Tarmenxan Babayev təkanla qaldırma hərəkətində bürünc medala layiq görülüblər.
Elşən Məmmədov öz çəkisində toplamda, Nurlan Məmmədzadə isə təkanla qaldırma hərəkətində yeni Avropa rekordunu müəyyən ediblər.
Atletlərin fərdi mübarizəsində də Elşən Məmmədov fərqlənib. O, yaşı 15-ə qədər olan oğlanların mütləq birinciliyində Sinkleyr cədvəli üzrə 341.1 xalla Avropanın ən yaxşı atletinin sıralamasında 7-ci yerdə qərarlaşıb.
Komanda şəklində isə yaşı 17-yə qədər olan atletlərimiz ön plana çıxıblar. Belə ki, toplam 558 xal əldə edən bu yaş yığmamız Avropa birinciliyində komanda hesabında 4-cü yeri tutmağı bacarıb.
Federasiyanın bütün üzvlərini, məşqçi, texniki və rəhbər heyətini təbrik edir, qələbələrimzdə əməyi olan hər kəsə təşəkkür edirik!

Paylaş
Şərh yaz