Kişilərdən ibarət ağır atletika üzrə Azərbaycan yığması qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını İsmayıllı rayonunun Lahıc qəsəbəsində davam etdirir. Avqustun 10-dan başlayan təlim-məşq toplanışı sentyabrın 1-nə qədər burada keçiriləcək.
Məşqçilər heyəti il ərzində hazırlıq məkanlarının dəyişdirilməsinin vacibliyi səbəbindən bu dəfə münasib ilqimi olan və yüksək dağlıq ərazi kimi Lahıcı seçib. Yığma komandanın məşqləri intensiv şəkildə aparılır, yaxşı qidalanma və istirahət imkanlarından yaralanılaraq hazırlıq səviyyəsi yüksəldilir.
Toplanış barədə yığma komandanın baş məşqçisi Asif Məmmədov da məlumat verib: “İlin ikinci yarısında bir neçə vacib beynəlxalq yarışımız var. Sentyabr ayında böyüklər arasında dünya çempionatı, sonrakı aylarda isə gənclər və yeniyetmələr arasında Avropa birincilikləri keçiriləcək. Hazırda İsmayıllı rayonunun Lahıc qəsəbəsindəyik. Toplanışımız sentyabra qədər burada davam edəcək. Bu məkanın seçilməsində məqsəd onun coğrafiyasının üstünlüklərindən yararlanmaqdır. Bildiyiniz kimi, bura dəniz səviyyəsindən 1 500 metr yüksəklikdədir. Burada keçirilən məşqlər idmançılarımızın hazırlığını qısa müddətdə xeyli artırmaq imkanı verir. İki həftədir buradayıq, toplanışımız yaxşı gedir, nə məşq, nə qidalanma, nə istirahət, nə də bərpa ilə bağlı heç bir problemimiz yoxdur, bütün lazımi şəraitlə təmin olunmuşuq. Şükürlər olsun ki, komandada zədəlimiz də yoxdur və yarışlara tam heyətlə hazırlaşa bilirik. Qarşıdakı beynəlxalq yarışlarda qənaətbəxş nəticə əldə etməyi düşünürük. İnanırıq ki, bu hazırlığın bizə böyük köməyi olacaq”.