Ağır atletika üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandanın növbəti təlim-məşq toplanışı davam edir. Millimiz iyunun 3-dən etibarən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qarşıdakı yarışlara Asif Məmmədovun və köməkçilərinin rəhbərliyi altında hazırlıq keçir. Komandanın əsas hədəfi 22-30 sentyabr tarixlərində Kosovoda keçiriləcək Avropa birinciliyi, həmçinin digər yarışlarda uğurlu çıxışdır.
Yığma həftədə 5 dəfə olmaqla gündə iki dəfə intensiv məşqlər keçir. Yeniyetmə atletlər bütün şəraitlə – qidalanma, vitaminizasiya, həkim nəzarəti ilə təmin olunublar. Təlim-məşq toplanışının gedişatı barədə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Asif Məmmədov məlumat verib: “Hazırlıq üçün lazımi şərait yaradılıb. Komandamızda ab-hava yükskdir, çalışmalarımız istədiyimiz kimi gedir. Qarşıdakı yarışlarda uğurlu çıxış etmək istəyirik”.
Qeyd edək ki, toplanışın ən azı iyulun sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.