4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışında iştirak edən Azərbaycan yığmasının üzvləri Vətənə dönüb. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə atletlərimizdən Dadaş Dadaşbəyli fərqlənib. O, 109 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və toplam 388 (176+212) kq nəticə ilə yekun sıralamada qızıl medal qazanaraq bütün rəqiblərini qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Bu gün Bakıya qayıdan komandamız hava limanında coşquyla qarşılanıb. Onları qarşılamağa çox sayda ağırlıqaldırmasevərlər, digər milli komandalarımızın üzvləri, valideynlər, idmançıların yaxınları, mütəxəssislər, federasiya rəsmiləri gəlib. Qran-Prinin qalibi və digər yığma üzvlərinə, həmçinin məşqçi heyətinə gül dəstələri və çələng təqdim olunub. Uğur qazanan Dadaş Dadaşbəyli və baş məşqçi Emil Əliyev yarış barədə təəssüratlarını bölüşüblər.