“Zirvə” İdman Klubu “ilin ən yaxşı idman təşkilatı” seçildi, ağır atletika yığmasının çıxışı bəyənildi

????????????????????????????????????

Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına dair tədbir keçirilib. Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan mərasimdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatları, idman federasiyaları, klub və ictimai birliklərin rəhbərləri, veteran və karyerasını davam etdirən idmançılar, idman xadimləri, KİV və digər çox sayda şəxs iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 2017-ci il ərzində Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub. Burada qeyd olunub ki, ölkəmizdə idmanın inkişafı yüksək sürətlə davam edir və arxada qalan ildə əldə edilən uğurlar bunu bir daha sübut edir. Sevindiricidir ki, rolikdə Azərbaycan ağır atletlərinin çıxışlarına da yer verilib. Bu il Kosovonun paytaxtı Priştina şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində qalib gələrək üçqat Avropa çempionu adını qazanan Səbinə Əzimova, həmçinin bu yarışda komanda şəklində qitənin ən yaxşısı olan milli komandamızın çıxışı xüsusilə fərqləndirilib və bəyənilərək təqdir edilib.
Çıxış edən nazir Azad Rəhimov 2017-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. O, gerida qalmaqda olan ildə idmançılarımızın beynəlxalq arenada çoxlu sayda medal qazandığını, ölkəmizdə dünyanın ən mötəbər beynəlxalq idman yarışlarının təşkil edildiyini vurğulayıb. Nazir ölkəmizdə keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisi və IV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd edib. A.Rəhimov Azərbaycanda fəaliyyətə başlamış Antidopinq Agentliyinin işini yüksək səviyyədə qurduğunu vurğulayıb. O, 2017-ci ildə əldə olunmuş digər uğurlar haqqında ətraflı məlumat verib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycan idmanın inkişafı haqqında danışıb. O, ölkəmizin həm fiziki, həm də intellektual cəhətdən güclü idmançılara sahib olduğunu deyib. MOK-un vitse-prezidenti şahmatçılarımızın qazandıqları uğurları önə çəkib. O, “Qarabağ” futbol klubunun da əldə etdiyi tarixi nailiyyətdən söz açıb. Ç.Hüseynzadə dövlət başçımız İlham Əlieyin MOK-un Prezidenti seçilməsindən sonra ölkə idmanının sürətlə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın həm də dünyanın ən mötəbər idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini qeyd edib. MOK-un vitse-prezidenti Azərbaycan idmanına və idmançılarına uğurlar arzulayıb.
Daha sonra ilin ən yaxşı məşqçisi, hakimi, federasiyası, idman klubu, idman verilişi və jurnalisti, idmançıları nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Onların arasında ağır atletikadakı fəaliyyətləri ilə önə çıxan “Zirvə” Beynəlxalq İdman Klubu da olub.
Belə ki, “İlin ən yaxşı idman təşkilatı” nominasiyasında məhz “Zirvə” qalib adını qazanıb. İl ərzində gördüyü işlər, Azərbaycan ağır atletikasının inkişafına verdiyi töhfəsi danılmaz olan klub bu ada layiqdir. Məhz “Zirvə” BİK-in təmsilçisi olan ağır atletləri il ərzind bütün beynəlxalq yarışlarda Vətənə medalla dönməyi bacarıb, əldə edilən qələbələrdə böyük rol oynayıblar.
“Zirvə” İdman Klubunu bu nominasiyada qalib gəldikləri üçün təbrik edir, uğurlar arzulayırıq!

Paylaş
Şərh yaz